+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

  Bildiyimiz kimi, artıq 4 aydır ki, Bank Ombudsmanı öz fəaliyyətinə başlayıb. Fəaliyyəti dövründə Bank Ombudsmanının gördüyü işlər, baxdığı şikayətlərlə bağlı Bank Ombudsmanının məsul katibi Elçin Həsənov BBN.az analitika portalına müsahibə verib.

- Bildiyimiz kimi, Bank Ombudsmanının fəaliyyətə başlamasından 4 ay keçib. 4 ay ərzində Bank Ombudsmanına neçə müraciət daxil olub?

  Bank Ombudsmanı əsas məqsədi banklarla fiziki şəxs olan müştərilər arasında fikir ayrılığının aradan qaldırılmasıdır. Bildiyimiz kimi Bank Ombudsmanının yaradılması Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Lakin rəsmi fəaliyyətə 5 sentyabr 2017-ci il tarixindən başlamışıq. Bu müddət ərzində biz əsasən, Bank Ombudsmanı İkram Kərimovun rəhbərliyi ilə  Bank Ombudsmanının Əsasnaməsinə və Reqlamentinə uyğun olaraq, vətəndaşların rahat şəkildə Bank Ombudsmanına müraciət etməsi üçün zəruri prosedurların işlənib hazırlanması, rəsmi saytın yaradılması, əməkdaş olacaq banklarla Bəyannamələrin imzalanması və digər təşkilati – texniki işlərlə məşgul olduq. Artıq sentyabr ayının 5-dən rəsmi saytımız fəaliyyətə başladı və bu zamandan etibarən vətəndaşlardan müraciətlərin qəbuluna başlanıldı. Qeyd edim ki, vətəndaş ilk növbədə şikayətinin motivi göstərilməklə banka yazılı müraciət etməli və ordan cavab gözləməli olduğun üçün ilk müraciət bizə sentyabr ayının sonları daxil olmuşdur.

  Ümumiyyətlə, bu müddət ərzində Bank Ombudsmanına 163 müraciət daxil olmuşdur. Bu müraciətlər elektron formada, poçtla və ofisə gəlib şəxsən müraciət etməklə edilmişdir. Müraciətlərin bəzilər Bank Ombudsmanının səlahiyyətlərinə daxil olmadığı üçün qəbul olunmayıb, bir qismi düzgün prosedur qaydalarına əməl olunmadığı üçün yenidən müraciət etmələri üçün izah edilmiş və sənədlər gözləmə mövqeyindədir, digər işlər isə icraat daxil edilmişdir.

- Daxil olan müraciətlərdən neçəsi müsbət nəticələnib və neçəsi öz nəticəsini verməyib?

  Bank Ombudsmanının icraatına daxil olmuş 8 iş üzrə bankla müştəri arasında Barışıq sazişi imzalanmış, 4 işin icraatına bankla müştəri arasında razılığa gəlinmədiyi üçün xitam verilmiş və digər işlər isə hazırda icraatdadır. Banklar müştəri arasında əldə edilən razılıqlara əsasən borcun bağışlanılması, aşağı məzənnə ilə ödənişin tam bağlanılması və ya güzəştli şərtlərlə aşağı faizlə ödənişlərin aylar üzrə edilməsi və s. daxildir.

- Fəaliyyətdə ən çox hansı problemlər qarşıya çıxır?

  Bank Ombudsmanı fəalyyəti Azərbaycanda yeni yaradılmış İnstitutdur. Bu səbəbdən problemlərin olması mümkündür. Burda əsas məsələ problemlərin meydana çıxması deyil, onların mümkün qədər tez aradan qaldırılmasına nail olmaqdır. Anlaşılmazlıqlar əsasən vətəndaşlar tərəfindən olur. Belə ki, vətəndaşlar bəzi hallarda natamam və aidiyyatı olmayan müraciətlər edirlər. Bank Ombudsmanı iddia məbləği maksimum 2000 (iki min) ABŞ dollarının müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə barəbər olan, mübahisə məhkəmə prosesində və mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı olmayan bütün növ şikayətlərə baxır. Bura kreditlərlə, depozitlərlə, kredit kartları və pul köçürmələri ilə bağlı şikayətlər daxildir. Əksər vətəndaşların müraciətləri ya bu məbləğdən yuxarı idi, digərlərində məhkəmə qətnaməsi var idi, bəziləri müştərilərdən daxil olmuş şikayətlərə baxılması üçün Bəyannamə imzalamamış maliyyə qurumdan edilir, bəzi vətəndaşlarda düşünürlər ki, Bank Ombudsmanı vətəndaşların banka olan kreditlərini bağışlayır və ya öz üzərinə götürür ki, bunlar da Bank Ombudsmanının səlahiyyətlərinə aid deyildir. Yeni yaradılan İnstitunun digər məqsədi də vətəndaşlar arasında maliyyə savadlılığının artırılmasıdır.

- Yaxın gələcəkdə maxsimum iddia məbləğinin (2000 dollar) artırılması planlaşdırılırmı? Artırılarsa, bu məbləğ nə qədər olacaq?

  Bank Ombudsmanı İkram Kərimov hər zaman öz müsahibələrində qeyd etmişdir ki, iddia məbləğinin 2000 dollar müəyyən edilməsində əsas məqsəd az təminatlı ailələrin öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar qarşılaşdıqları problemlərin aradan qaldırılması və problemli kreditlərin böyük hissəsinin məhz bu məbləğdən aşağı olmasıdır. Məlumat üçün deyək ki, statistik məlumatlara əsasən, 2000 ABŞ dolları məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı yüzmin nəfərdən artıqdır.  Məbləğin artırıldığı təqdirdə bu rəqəmin sayı daha da yüksələcəkdir. Ona görə də, ilkin mərhələdə götürülən məbləğ daha realdır. Gələcək görülən işlərin nəticəsindən və eləcədə, qazanılan təcrübələrdən asılı olaraq, bu məbləğin daha da artırılması nəzərdə tutula bilər.

- Bank Ombudsmanı yaranarkən şikayətçilər bu qurumun ləğv olunmuş bankların müştərilərinin şikayətlərinə də baxacaqlarını düşünürdülər. Bununla bağlı gündəmdə hər hansı məsələ varmı?

  Bank Ombudsmanının Reqlamentinə əsasən, lisenziyası geri çağırılan və ya ləğv olunan maliyyə təşkilatından daxil olan müraciətlə Bank Ombudsmanı baxa bilməz. Bu təşkilatlarla bağlı məsələlərə digər aidiyyatı təşkilatlara baxdığı üçün bu tip məsələlər Bank Ombudsmanı tərəfindən baxılması, dünya təcrübəsində olduğu kimi, bizdə də məqsədə uyğun deyildir. Vətəndaşlardan bu tip müraciətlər daxil olduğu təqdirdə biz məsələyə mahiyyəti üzrə baxılıb həll edilməsi üçün aidiyyatı orqanlara göndəririk. Eyni zamanda, əgər müştərilərdən daxil olmuş şikayətlərə baxılması üçün Bəyannamə imzalamış maliyyə qurumu ləgv olunursa, onunla imzalanmış Bəyannamə artıq hüquqi qüvvəsini itirir, bu isə o deməkdir ki, həmin banklardan müraciətə baxmaq imkanımız xaricindədir.

- Ümumilikdə 2017-ci ili Bank Ombudsmanı üçün necə dəyərləndirmək olar və 2018-ci il üçün Bank Ombudsmanının planları nələrdir? Şikayətçiləri hansı yeniliklər gözləyir?

  Qeyd etdiyimiz kimi bu il bizim ilk ilimiz oldu. Bank Ombudsmanı İkram Kərimov fəaliyyətlə bağlı olaraq bir neçə beynəlxalq qurumlarının nümayəndələri, məsul şəxsləri ilə görüşmüşdür. Misal olaraq, Dünya Bankının və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun ölkə üzrə nümayəndəliyi ilə əməkdaşlıqlarımız uğurla davam etdirilir, ölkə daxilində “Azad İstehlakçılar” İctimai Birliyi ilə sıx – sıx görüşlərimiz təşkil edilir. Bundan əlavə, Şərqi Avropa və əksər MDB ölkələrindəki banklar birliklərinin üzvü olduğu Beynəlxalq Banklar Şurasının Bakı şəhərində “Maliyyə Ombudsmanı institunun maliyyə bazarındakı rolu” mövzusunda növbəti görüşü keçirilmişdir. Bu görüşdə 8 ölkədən 17 nümayəndə iştirak etmişdir. Maliyyə Ombudsmanı sahəsində yeni biliklər almaq, təcrübə mübadiləsi aparmaq baxımından bu görüşün əhəmiyyəti yüksək qiymətləndirilir. Eyni zamanda, Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən Əmanət Bankları Maliyyə Qrupunun Ombudsmanı Michael Haussner dəvətimizlə Bakıya gələrək, burda bank nümayəndələri ilə bir sıra görüşlər keçirdi, həmçinin , Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə 23-24 noyabr 2017-ci il tarixlərində “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər” mövzusunda keçirilən “II Bankçılıq Forumu”nda məhz Almaniyada Bank Ombudsmanının fəaliyyəti və təcrübəsi mövzusunda çıxış etmişdir. Bu əlaqələr və digər beynəlxalq təşkilatlarala əməkdaşlıqların yeni ildə də davam etdirilməsi məqsədi qarşıya qoyulmuşdur. 2018-ci ildə Bank Ombudsmanının səlahiyyətlərinin bir qədər də artırılması nəzərdə tutulub. Eyni zamanda, Bank Ombudsmanı adının dəyişdirilərək Maliyyə Ombudsmanı İnstitunun yaradılması və bu fəaliyyəti tənzimləyəcək Qanunun qəbul olunması istiqamətində İkram Kərimovun rəhbərliyi ilə işlər böyük uğurla davam etdirilir. Bu qanunun qəbul edilməsi vətəndaşların təkcə banklarla deyil, sığorta və digər maliyyə bazarı iştirakçıları arasında olan fikir ayrilıqlarının məhkəməyə getmədən həllinə nail olunmasına ciddi səviyyədə təsir edəcəkdir. Artıq qanun layihəsi hazırlanmışdır və müzakirələr aparılır.

 

 

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom