+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxmışdır. 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, müəəyn etmişdir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. 

Eyni zamanda, qeyd etmək lazımdır ki, manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir.

Manatın məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edilib-edilməməsi ilə bağlı, ilk növbədə, onun Mülki Məcəllənin 422-ci maddəsində müəyyən edilən meyarlara cavab verməsi aydınlaşdırılmalıdır.

Belə ki, hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər.

Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır.

Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur.

Nəzərə alınmalıdır ki, maliyyə bazarının bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2019 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom