+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İkram heydər oğlu Kərimov “Şöhrət” ordeni ilə təltif edilib. Bununla bağlı, İ.Kərimov ölkə başçısına təşəkkür məktubu göndərmişdir. Məktubun mətnində deyilir:

Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə

Möhtərəm Prezident!

            Əmək fəaliyyətimə verdiyiniz yüksək qiymətə – “Şöhrət” ordeni ilə təltif olunmağıma görə Sizə dərin minnətdarlığımı bildirirəm.

            Böyük məmnunluq hissi ilə qeyd edim ki, hüquq sahəsində çalışdığım yarım əsrdən çox müddətin böyük bir hissəsi məhz Ulu Öndərimiz Heydər Əliyevin Respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf etmişdir.

            1969-cu ilin noyabr ayında ilk nomenklatur vəzifəyə – Azərbaycan SSR prokuroru yanında mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin olunmuşam. İş fəaliyyətimin bu dövrü ərzində qarşımıza qoyulan tələblər və yaradılmış mühit biz gənclərin gələcək həyat yolunun əsas istiqamətlərini müəyyənləşdirmiş oldu.

            1979-cu ildə Əzizbəyov rayonuna prokuror vəzifəsinə təyinatımla bağlı Respublika rəhbəri Heydər Əliyevin məni qəbul edərkən verdiyi tövsiyələri hər zaman xatırlayaraq, onlara əməl etməyə çalışmışam. Bu da mənə iş fəaliyyətimdə bir çox uğurlar qazandırmış və bu dövr ərzində yüksək dövlət mükafatları ilə – Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1972-ci il, may), “Şərəf nişanı” ordeni (1982-ci il, may) və “Əmək veteranı” medalı ilə təltif olunmuşam.

            Əmək fəaliyyətimin sonrakı 25 ili isə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Sovetlər İttifaqının süqutundan sonra keçid-müstəqillik dövrünün ilk illəri ölkədə bir sıra müəmmalı, təzadlı və qarışıq hadisələrin baş verdiyi çox mürəkkəb zaman kəsiyinə təsadüf etmişdir. Həmin illərdəki təzyiq və təsirlərə baxmayaraq, insan hüquqlarının pozulmasına yol verilməmiş, ədalətli qərarların qəbul edilməsi, məhkəmənin müstəqilliyinin qorunması təmin olunmuşdur. Yalnız bir faktı göstərmək kifayətdir ki, ozamankı respublika rəhbərliyinin dəvəti ilə Moskvadan göndərilmiş istintaq qrupu tərəfindən aparılan cinayət işləri üzrə ittiham hökmü çıxarılmamışdır. Belə ki, qanunsuz həbs edilmiş bütün şəxslər bəraət almış, müstəntiqlər barəsində isə xüsusi qərar çıxarılaraq vəzifədən kənarlaşdırılmışlar.

            Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifəsinə təyinatım zamanı Sizin tələb və tövsiyələrinizlə yanaşı, ailə həyatım, övladlarımın təhsili ilə maraqlanmağınız, istintaq fəaliyyətimlə əlaqədar mühafizəçi “Maqomed”in adını xatırlamağınız Sizin ölkə rəhbəri kimi, həm də sadəliyiniz və səmimiliyinizin gözəl nümunəsi olaraq yaddaşımda həkk olunmuşdur. Sizin rəhbərliyiniz altında Respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatları ölkəmizi bu sahədə də dünya standartları səviyyəsinə çıxarmış, hətta müəyyən istiqamətlərdə nümunə ola biləcək uğurlar qazandırmışdır.

            “Asudə vaxt – məsuliyyətdən azad vaxt demək deyildir” – bu sözləri əbədiyaşar rəhbərimiz 25 aprel 1979-cu ildə iştirakçısı olduğum Ümumittifaq Elmi-praktiki konfransda səsləndirmişdir. Təqaüdə çıxdıqdan sonra, asudə vaxtımda üç cilddən ibarət bioqrafik “Zirvədən-zirvəyə” adlı memuar yazmışam. Xatirələr əsasında tərtib olunmuş bu kitablarda Ulu Öndər daim xatırlanır və barəsində məlum olmayan bəzi xatirələr yeni nəslə çatdırılır.

            Hörmətli Prezident!

Siz əvvəllər də əmək fəaliyyətimi yüksək qiymətləndirmisiniz: “Tərəqqi” medalı ilə təltif olunmuş, “Əməkdar hüquqşünas” fəxri adına layiq görülmüşəm. Mənə göstərdiyiniz diqqət və qayğıya görə Sizə şəxsim və ailəm adından bir daha təşəkkürümü bildirirəm.

            Sizin Ali Baş Komandan kimi, rəhbərliyiniz altında torpaqlarımızın işğaldan azad olunmasını görməyi tale mənə qismət etdiyi üçün 3 övladı və 10 nəvəsi olan şəxs kimi, özümü çox xoşbəxt hesab edirəm.

            Siz, sözün həqiqi mənasında, fəxr ediləsi Rəhbərsiniz! Ulu Tanrı Sizi qorusun!

                        Yüksək rəğbət və böyük ehtiramla,

Kərimov İkram Heydər oğlu

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2022 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom