+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, Bank Ombudsmanı İkram Kərimov Prezidentin 04 aprel 2022-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

İ.H.Kərimov uzun illər prokurorluq orqanlarında və məhkəmələrdə məsul işlərdə çalışmış, vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə fəxri ada, dövlət təltiflərinə və digər mükafatlara layiq bilinmişdir.

Məlumat üçün bildiririk ki, bu il 80 illik yubileyini qeyd edən İ.H.Kərimov 18.04.1942-ci il tarixində Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olub. 1959-cu ildə Kürdəmir şəhər orta məktəbini bitirib. 1959-1961-ci illərdə sovxozda fəhlə işləyib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

 

 

1966-1978-ci illərdə Bakı şəhərinin Yasamal, Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Xəzər rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – İstintaq Şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.

Bundan başqa, Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas”ı İkram Kərimov 14 aprel 2017-ci ildən Azərbaycan Respublikasının Bank Ombudsmanı, həmçinin Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 14 yanvar 2019-cu il tarixində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmiş və Kollegiyanın Ağsaqqallar Şurasının sədri seçilmişdir.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2022 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom