+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Mərkəzi Bank “Koronavirus (COVID-19)  pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə” 23 aprel 2020-ci il tarixində 16 nömrəli qərar qəbul etmiş və  24 aprel 2020-ci il tarixində “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nı təsdiqləmişdir.

Bu Qayda Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamında göstərilən meyarlar üzrə müəyyən edilmiş iqtisadi fəaliyyət sahələrində fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinə şamil edilir.

Bu Qaydanın kimlərə şamil olunacağı, bu prosesin necə həyata keçiriləcəyini və bunun üçün vətəndaşlar nə etməlidir kimi yaranan suallara  Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov BBN.az xəbərlər saytına verdiyi müsahibədə aydınlıq gətirir. Həmin müsahibənin bəzi məqamlarını diqqətinizə çatdırırıq. 

 

  • Xahiş edirik, güzəştlər və bu güzəştlərin tətbiq olunacaq sahələrdən danışasınız.

 

- Bu qərar bir çox isiqamətlərdə - pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, pandemiyadan təsirlənmiş fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi, bankların requlyativ yükünün azaldılması, kreditlәşdirmә imkanlarının artırılması vә maliyyә dayanıqlığının qorunması, bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması, bankları öz vәsaitlәri hesabına ipoteka kreditlәri verməyə stimullaşdırmaq, iqtisadi subyektlәrin ödәniş xidmәtlәri üzrә xәrclәrinin azaldılması, eyni zamanda sığorta xidmәtlәrinin fasilәsizliyinin tәmin edilmәsi vә sığorta olunanların hüquqlarının qorunması və pandemiyanın kapital bazarı iştirakçılarına mәnfi tәsirinin azaldılması istiqamətində tədbirləri nəzərdə tutur.

 

  • Sahibkarlıq fәaliyyәti ilә mәşğul olmayan fiziki şəxslərin dәstәklәnmәsi istiqamətində əlavə tədbirlər nə kimi güzəştlərin tətbiqini nəzərdə tutur?

 

- Bu halda dəstəkləyici tədbirlər yalnız pandemiyadan təsirlənmiş fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) kreditlərinə aiddir. Burada iki yanaşma var.

Birincisi, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üçün restrukturizasiya imkanlarının yaradılmasına aiddir. Belə kreditlər də borcalanların, yəni pandemiyadan təsirlənmiş sahələrə aid fiziki şəxs bank müştərilərinin banklara müraciəti əsasında restrukturizasiya olunacaqdır. Əgər kredit 01 mart 2020-ci il tarixinədək verilmiş və həmin tarixə qədər keyfiyyəti qənaətbəxş olmuşdursa, yəni kredit üzrə gecikməyə yol verilməmişdirsə, belə kreditlərin restrukturizasiyası Fondun razılığı әsasında (bu mәqsәdlә fondun müvafiq normativ sәnәdlәrinә dәyişiklik etmәklә) olmaqla 30 sentyabr 2020-ci ilədək həyata keçirilir və bu kreditlərin keyfiyyəti pisləşdirilmir. Yəni bank tərəfindən öz vəsaiti hesabına belə kreditlərə görə ehtiyat yaradılmır.

Həmçinin kredit öhdәliklәrinin (ipoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə әsas borc vә faiz ödәnişlәrinin) tam vә ya qismәn gecikdirilmәsi halında borcludan әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin tutulmaması Mərkəzi Bank tərəfindən banklara tövsiyә edilir. Bundan əlavə pandemiya ilә әlaqәdar kredit borcunu gecikdirәn borcalanlar üzrә neqativ mәlumatların 30 sentyabr 2020-ci ilәdәk kredit bürosuna xüsusi qeydlә tәqdim olunur, borcalanın kredit tarixçәsi pislәşdirilmir.

Qeyd etdiyim kimi birinci yanaşma yalnız pandemiyadan təsirlənmiş fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına aldıqları ipoteka kreditlərinə aiddir.

İkinci yanaşma isə digər istehlak kreditlərinə (bankların öz vəsaitləri hesabına verdikləri ipoteka krediti də daxil olmaqla) aiddir. Digər istehlak kreditləri halında isə qeyd edə bilərik ki, kreditin keyfiyyətinin pisləşdirilməməsinə dair tövsiyə digər istehlak kreditlərinə hazırkı mərhələdə təqbiq edilmir. Yəni bu kreditlər üzrə keyfiyyətin pisləşməsi olduqda bank öz vəsaiti hesabına belə kreditlərə görə ehtiyat yaratmalıdır.  

Amma buna baxmayaraq, bankın öz daxili imkanları nəzərə alınmaqla və bankın öz mülahizəsinə uyğun olaraq belə kreditlər üzrə öhdәliklәrin (әsas borc vә ya faiz borcunu) tam vә ya qismәn gecikdirilmәsi halında, borclunun mütləq qaydada banka müraciəti əsasında ondan 30 sentyabr 2020-ci ilәdәk әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin tutulmaması və borcalanın kredit tarixçәsi pislәşdirilməməsi Mərkəzi Bank tərəfindən banklara tövsiyә edilir.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində, fiziki şəxslərin kreditlərinə aid olan bu hər iki halda kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

 

Müsahibəni tam formada bu linkdən oxumaq olar: 

https://bbn.az/aba-nin-icraci-direktoru-yunus-abdulov-amb-nin-koronavirus-pandemiyasi-səraitində-əhalinin-və-biznesin-dəstəklənməsi-istiqamətində-əlavə-t/

 

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2020 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom