+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

 2 aya yaxındır fəaliyyətə başlayan Bank Ombudsmanına rəsmi qaydada 50-dən çox  müraciət daxil olub.

  APA TV-nin xəbərinə görə, qurumun yaradılmasında məqsəd banklarla müştərilər arasında meydana çıxan mübahisələrin məhkəmədən kənar qaydada həllinə kömək etmək, banklarla müştərilər arasında etimad münasibətlərinin formalaşdırılmasına nail olmaqdır.

  Bank Ombudsmanının məsul katibi Elçin Həsənovun sözlərinə görə, sevindirici haldır ki, artıq ilk işləri müsbət nəticələnib: "Vətəndaşın banka olan 120 dollar borcu danışıqlar əsasında bank tərəfindən vətəndaşa bağışlanıb. Bu məsələdə bankın vətəndaşın probleminin həll edilməsinə olan marağı və köməyi xüsusilə qeyd edilməlidir. Son iki ay ərzində Bank Ombudsmanına rəsmi qaydada 52 müraciət daxil olunub, bu 52 müraciətin 26-sı qurumun səlahiyyətinə aid olan məsələlərdir".

   E.Həsənov deyib ki, vətəndaşlar quruma müraciət etməzdən əvvəl ilk olaraq banka müraciət etməlidir: "Bankdan cavab gözləməlidir. Həmin 30 iş günü müddətində bankın verdiyi cavab vətəndaşı qane etməsə və yaxud 30 iş günü ərzində, ümumiyyətlə, bank cavab verməsə, həmin vətəndaş həmin məktubu bizə təqdim edir. Digər zəruri sənədlər reqlamentdə və saytımızda göstərilir".

  Onun sözlərinə görə, Bank Ombudsmanına yalnız 2000 dollara qədər borcu olan şəxslər müraciət edə bilər: "Həmin müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təyin edilən məzənnəyə uyğun olaraq müraciətlərə baxılır. Müraciətlər 2 il müddətində baş vermiş tarixdə olmalı, məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş hökmü olmamalıdır. Bizə yalnız bankların fiziki şəxs müştəriləri müraciət edə bilər. Eyni zamanda əgər fiziki şəxslər götürdükləri kreditləri sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa yönəldiblərsə, həmin şəxslər də Bank Ombudsmanına müraciət edə bilməzlər".

  Elçin Həsənov qeyd edib ki, hazırda Banklar Assosiasiyasının 33 üzvündən yalnız 26-sı Bank Ombudsmanı tərəfindən şikayətlərə baxılması üçün bəyannaməyə imza atıb: "Digər banklarla da danışıqlar gedir. Tezliklə onlar da həmin siyahıya daxil olacaq. Bizə elektron müraciət formasında, məktub formasında və şəxsən ofisimizə gəlməklə müraciət edə bilərlər. Bakı şəhərində işləri 1 ay müddətində, Bakı şəhərindən kənarda 2 ay müddətində, Azərbaycandan kənardan daxil olan müraciət olarsa, 6 ay müddətində baxırıq".

  Qeyd edək ki, vətəndaşlar Bankombudsman.az saytında "Müraciət et!" bölümünə daxil olaraq lazımi sənədləri yükləməklə Bank Ombudsmanına müraciət edə bilərlər. Vətəndaşlara göstərilən xidmət pulsuzdur. 


BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2024 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom