4 noyabr 2019-cu il tarixdə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin Alternativ həlli və əhaliyə hüquqi yardım göstərilməsi” adlı layihənin açılış mərasimi baş tutmuşdur. İki illik layihənin əsas məqsədi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrası və əhaliyə göstərilən hüquqi yardımın təkmilləşdirilməsidir. Ümumi büdcəsi 999,566 avro olan layihə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı həyata keçirilir.
Tədbiri açılış sözü ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri cənab Kestutiş Yankauskas və Ədliyyə nazirinin müavini cənab Azər Cəfərov açmışdır. Tədbirdə beynəlxalq təşkilatların, xarici dövlətlərin, ictimai təşkilatların nümayəndələri ilə yanaşı, müvafiq aidiyyəti dövlət orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Məhkəmə-Hüquq Şurasının nümayəndələri, Bank Ombudsmanı, Azərbaycan Respublikası Ali Məhkəməsi və digər məhkəmələrin hakimləri iştirak etmişdir.
Tədbirdə, layihənin əsas komponentləri olan – mediasiya sahəsində strategiyanın müəyyən edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, Mediasiya Şurasının yaradılması, rəsmi təlimlərin başlanması, mediasiyanın təbliği, həmçinin, kiçik tələblərin mühakiməsi və hüquqi yardımın göstərilməsi – ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir. Bank Ombudsmanı yanında pilot mediasiya mərkəzinin tərtibatı, yaradılması və monitorinqi (Özəl Mediasiya Pilot Mərkəzi) aparılması nəzərdə tutulmuşdur.
“Mediasiya haqqında” Qanununun səmərəli və lazımi qaydada icrası məqsədilə ən qısa zamanda Mediasiya Şurasının yaradılmasının və rəsmi mediasiya təlimlərinin başlanmasının zəruri olduğu tədbir iştirakçıları tərəfindən vurğulanmışdır.