
Kərimov İkram Heydər oğlu
- 1942-ci ildə qulluqçu ailəsində anadan olub, ailəlidir, üç övladı, on nəvəsi var.
Təhsil və iş fəaliyyəti
- 1959-cu ildə orta məktəbi bitirib.
- 1959-1961-ci illərdə sovxozda fəhlə işləyib.
- 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinin tələbəsi olub və hüquqşünaslıq ixtisası alıb. İşlə təmin olunmaq üçün Azərbaycan SSR Prokurorluğunun sərəncamına göndərilib.
- 1966-78-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal),Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq; Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində;
- 1978-87-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib.
- 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində işləyib.
- Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub.
- Dəfələrlə Bakı Dövlət universitetinin hüquq fakultəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik etmişdir.
- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədridir.
- Hazırda Bank Ombudsmanıdır.
Rütbələri, mükafatları və digər fəaliyətləri
- SSRİ Baş Prokuroru tərəfindən baş ədliyyə müşaviri xüsusi rütbəsi, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən I ixtisas dərəcəli hakim rütbəsi verilib.
- Üstü örtülü qəsdən adam öldürmə hadisələrinə dair cinayət işlərinin istintaq təcrübəsi SSRİ və respublika üzrə dəfələrlə yayılmış və adı prokurorluğun “Ən yaxşı müstəntiqi” fəxri kitabına yazılmışdır. Barəsində ittifaq miqyasında kitab buraxılmış, hüquqa aid jurnallarda oçerklər dərc edilmişdir. Müntəzəm olaraq müxtəlif mətbuat orqanlarında elmi məqalələri çap olunmuş, çıxışları verilmişdir.
- "Şöhrət", “Şərəf nişanı” ordeni, “Tərəqqi”, “Əmək veteranı” medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, SSRİ Baş Prokurorunun, Ümumiittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının, Azərbaycan Respublikası Ədliyyə nazirinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. Respublikanın “Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb.
- Peşəkar iş fəaliyyəti nəticələrinə görə SSRİ Baş Prokuroru, Azərbaycan Respublikası Prokuroru, Ədliyyə Naziri və Məhkəmə-Hüquq Şurası tərəfindən dəfələrlə təşəkkür və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Ədliyyə Nazirliyinin rəmzi medalı və Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin ictimai Birliyinin (Assosiyasiyası) yeganə nüsxədə hazırlanmış xatirə medalı ilə təltif edilmişdir.
- “Azərbaycan Vəkilliyinin 100 illiyi (1919–2019)” yubiley döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fəxri hüquq doktoru” adını almış, Azərbaycan Respublikası Cinayət Qanununun məhkəmə praktikasında tətbiqi və inkişafında əvəzsiz xidmətlərinə görə Bakı Dövlət Universitetinin “BSU Criminal Law Association” Birliyinə fəxri üzv qəbul edilmişdir.
- Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru seçilib, Akademiyanın “Böyük Turan” ordeni, “Beynəlxalq Qızıl ulduz”, Rusiya Elmlər Akademiyasının “Cahangir Abbasoviç Kərimovun 100 illiyi” medalları ilə təltif edilib.
- “Beynəlxalq hüquq çərçivəsində İnsan hüquqlarının müdafiəsində göstərdiyi xüsusi xidmətlərə görə” Avropa Elmlər Akademiyasının (Hannover) “Avropa Xidmət Mükafatı”na, “Gottfried Wilhelm Leibniz” ordeninə, “Avropanın Fəxri hüquqşünası” və Türk dünyasının Dövlətlərarası “Fəxri Ziyalısı” adlarına layiq görülmüşdür.
- Bir neçə çağırış Əzizbəyov (Xəzər) rayonu və Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
- SSRİ Prokurorluğu və SSRİ Ədliyyə Nazirliyinin rəhbər işçilərinin ixtisas artırma institutlarını bitirmişdir.
- 1995-ci ildən həyata keçirilən Məhkəmə-Hüquq islahatını təmin edən qanunvericilik aktları layihələrinin hazırlanmasında yaxından iştirak etmiş, bir sıra beynəlxalq tədbirlərdə - ABŞ, Asiya və Avropa ölkələrində, Avropa Şurasında Azərbaycan respublikasını təmsil etmişdir.
- Məhkəmə-Hüquq islahatları ilə bağlı məqalələri respublikada və başqa dövlətlərdə çap edilmişdir.
- “İctimai TV” kanalında yayımlanan “İstintaq davam edir” verlişinin bir çox mövzuları müəllifi olduğu 3 cildlik “Zirvədən zirvəyə...” bioqrafik memuarından götürülüb.
Yeni seçilmiş hakimlərin tədrisində müntəzəm olaraq iştirak edir.