Sentyabrın 18-də Bank Ombudsmanının inzibati ofisində “Bank Ombudsmanı” ilə “Yapı Kredi Bank” QSC arasında əməkdaşlıq haqqında görüş keçirilib.
Görüşdə “Yapı Kredi Bank”ın İdarə Heyətinin üzvü Şəhla Səmədova, Hüquq Departamentinin direktoru Teymuraz Əmirov, Uyğunluq və Daxili Nəzarət şöbəsinin müdiri Ramil Məmmədov, eləcə də Bank Ombudsmanı İkram Kərimov, Ombudsmanın Məsul katibi Elçin Həsənov və ABA-nın Hüquqi Məsələlər üzrə Expert Qrupunun sədri Qorxmaz Ağayev iştirak edib.
Görüş zamanı Ombudsmanın Əsasnaməsi və Reqlamenti ilə bağlı bəzi təkliflər, Bank Ombudsmanının hansı işlərə baxması, Bank Ombudsmanının verdiyi qərarların tərəflər üçün hansı hüquqi nəticə yaradacağı, eyni zamanda Bank Ombudsmanı ilə “Yapı Kredi Bank” arasında olacaq əməkdaşlığın detalları müzakirə olunub.
Qeyd edək ki, Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 23 bank üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.